Trampın diplomatik təzyiqləri və Moskvanın cavabı| Qafqazda sülh ikitərəfli gündəmlə irəliləyir

2025/07/1752150794.jpg
Oxunub: 721     18:27     10 İyul 2025    
İsrail mənbələri ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun Oval kabinetdə ikinci görüşünün baş tutduğunu xəbər veriblər. Görüşdə ABŞ vitse-prezidenti Vens də iştirak edib. Danışıqlar təxminən bir saat yarım davam edib. Lakin nə birgə bəyanat verilib, nə də mətbuat konfransı təşkil olunub. Danışıqlara dair yalnız Britaniyanın “Sky News” kanalına danışan bir diplomatik mənbənin təəssüratı məlumdur. Mənbə bildirib ki, Donald Tramp Netanyahunun üzərinə ciddi təzyiq göstərir ki, Qəzzada müharibə dayandırılsın.

İsrailə məxsus “Yediot Ahronot” qəzetinin jurnalisti (Netanyahunu Vaşinqton səfərində müşayiət edir) yazıb ki, Ağ Evdəki görüşdən az sonra Qətər nümayəndə heyəti ABŞ-yə gəlib və dərhal Dövlət Departamentinə yollanıb. İsraillə HƏMAS arasında dolayı danışıqlar Dohada davam edir və israilli jurnalistdə belə təəssürat yaranıb ki, qətərlilər Vaşinqtona son razılaşmalar və fikir ayrılıqları barədə məlumat verməyə gəliblər.

İsrailin baş naziri prinsipial olaraq Qəzzada 60 günlük atəşkəslə razıdır. Bu dövrdə HƏMAS iki mərhələdə on israilli girovu azad etməyə, üç mərhələdə isə 18 nəfərin cəsədini qaytarmağa hazırdır. Eyni müddətdə İsrail təxminən min fələstinli məhbusu azad etməli və humanitar yardımın artırılmasını təmin etməlidir.

Əsas fikir ayrılığı – İsrail mediasının dolayı ifadələrindən göründüyü kimi – İsrail ordusunun Qəzzadan çıxmasının nə zamanla, nə də qrafiklə deyil, daha çox “çəkilmənin dərinliyi” ilə bağlıdır. HƏMAS tələb edir ki, Qəzzada bir nəfər də israilli əsgər qalmasın. Netanyahu isə israr edir ki, ordu humanitar yardımın çatdırılması və paylanmasını təmin etməlidir. İsrail həmçinin Qəzzanın Misirlə sərhədinin “beynəlxalq nəzarətə verilməsi” ideyasını qəbul etmir.

Əgər bir gün ərzində Tramp-Netanyahu arasında iki görüş baş tutub, lakin ortaq bəyanat yayılmayıbsa, bu, açıq şəkildə razılaşmanın əldə olunmadığını göstərir. Bu, böyük ehtimalla Dohadakı danışıqların uğursuzluğu ilə bağlıdır: HƏMAS Qəzzadan çəkilmə və anklavın idarəsinin Misirə və ya digər ərəb ölkəsinə verilməsi ideyasını qəbul etmir.

Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalının məlumatına görə, Qəzzada “Moraq dəhlizi” üzərində nəzarətlə bağlı ciddi fikir ayrılıqları mövcuddur. İsrail Rəfah və Xan Yunis şəhərləri arasında kommunikasiyaya nəzarəti itirməmək üçün bu zolaqdan çıxmaq niyyətində deyil. HƏMAS isə israr edir ki, Qəzza daxilində hərəkət azad olmalıdır.

Bir gün əvvəl Netanyahu ABŞ Konqresi və Dövlət Departamentində də “zəngin görüşlər” keçirib. Yaxın Şərqdə sülhün bərpası ABŞ prezidenti üçün görünür, gerçək və strateji məqsəddir və bu hədəfə, hətta ən yaxın müttəfiqi İsrailə “güclü təzyiqlər” bahasına belə çatmağa çalışır.

Vaşinqtonda son iki gündə baş verən dramatik müzakirələr ümumilikdə mühümdür, lakin Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması ehtimalı ilə bağlı ABŞ Dövlət katibi Marko Rubionun verdiyi bəyanat, istəsək də, istəməsək də, eyni kontekstdə səslənmiş hesab olunur. Dövlət katibi Rubionun sözlərinə görə, bu, Trampın “yalnız altı ay ərzində əldə etdiyi uğurdur”. Görünür, İsrail-Fələstin nizamlanması yenə də ləngiyir. Bəs Vaşinqton Ermənistan-Azərbaycan tarixi barışığı məsələsində “time-out” götürəcəkmi?

Ciddi siqnal odur ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt ritorikadan məhz İsrailin baş naziri ilə “sirli nahardan” bir gün sonra istifadə edib. Moskva, bəlkə də, Vaşinqtona Ermənistan-Azərbaycan nizamlanmasının “arzuolunmazlığı” barədə mesaj göndərməyə çalışır?

Bu sual daha da aktuallaşır, çünki iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında vasitəçisiz görüş baş tutdu və tərəflər danışıqları yalnız ikitərəfli formatda davam etdirməklə bağlı qərarlarını bir daha təsdiqləmiş oldular.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Moskva   Qafqaz  


Bizi "telegram"da izləyin